Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Gəncə şəhərində ictimai dinləmə keçirilib.
“Məişət zorakılığından zərər çəkmiş şəxslərin quruma müraciət etmələri barədə təlimatlandırılma” mövzusuna həsr olunan dinləmədə Gəncədən olan ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Agentliyin nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin fəaliyyəti, şöbəyə qəbul qaydaları haqqında təqdimatlar ediblər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmənin keçirilməsinin əhəmiyyəti vurğulanıb.