Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva imzalayıb.
Rektor universitetdə keçirilən mərasimdə universitetin fəaliyyəti və “Sosial iş” ixtisasının tədrisi haqqında məlumat verib. S.Əliyeva bildirib ki, Azərbaycan Universitetində “Sosial iş” ixtisasının tədrisinə 2009-cu ildə başlanıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsi bu ixtisası tədris edən ilk özəl universitetdir. Hazırda ali təhsilin hər üç səviyyəsində bu ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Agentlik sosial xidmətlərin göstərilməsi, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın sosial məişət şəraitinin yaxşılaşdırılması - onların mənzil, fərdi ev, avtomobil təminatı, övladlığagötürmə fəaliyyəti və digər prioritet istiqamətlərdə fəaliyyət göstərir. Hazırda Agentliyin bütün ölkəni əhatə edən 12 filialı, eləcə də 13 müəssisəsi ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar və stasionar xidmətlər göstərilir. 2022-ci ildə respublika üzrə həssas əhali qruplarından olan 20 minə yaxın şəxs səyyar və stasionar sosial xidmətlərlə əhatə olunub.
V.Behbudov qeyd edib ki, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması üçün sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə əməkdaşlıq edilir, bu sahədə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi əhəmiyyət verilir.
Memoranduma əsasən universitetin tələbələri üçün birgə təlimlərin, müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının, beynəlxalq və respublika səviyyəsində elmi tədbir və mühazirələrin təşkili və bu kimi digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.