10.05.2024

Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tədbirlər davam edir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tədbirlər davam edir.

Növbəti belə tədbir Agentliyin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Bakı Dövlət Universitetinin müəllimi, psixoloq-təlimçi Mətanət Əliyeva iştirakçılara “Emosional tükənmə və streslə mübarizə üsulları” mövzusunda təlim keçib.

Təlimin məqsədi həssas qruplarla işləyən əməkdaşlara iş prosesində insanın psixoemosional durumuna təsir edən amillərin öyrədilməsi, düşüncə xətalarının müəyyənləşdirilməsi və onlarla mübarizə texnikalarını aşılamaqdır.

Təlim zamanı iştirakçılar sosial-psixoloji problemlərdən irəli gələrək həyatdakı çətinliklərlə düzgün mübarizə üsulları və müsbət düşüncənin formalaşdırılması ilə bağlı məlumatlandırılıblar.

Proqram çərçivəsində problemlərin psixodiaqnostikası, psixokorreksiya üsulları və avtotreninq həyata keçirilib.