Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən tələbələr üçün ustad dərslərinin keçirilməsinə başlanıb.
Tədbirlər Planına uyğun olaraq Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva Universitetin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə ustad dərsi keçib.
Görüşdə tələbələrə vətəndaşlara göstərilən sosial xidmətlərin mahiyyəti, mexanizmi, keys menecment prosesi barədə məlumatlar verilib.
Təqdimat zamanı tələbələr sosial xidmət sferası üzrə müxtəlif keyslər əsasında iş mexanizmi, sosial işçilərin yumşaq və sərt bacarıqları, nəzəri biliklərin praktikada tətbiqi istiqamətləri ilə tanış olublar.
Sonda suallar cavablandırılıb, sosial xidmət müəssisələrinə infoturların təşkil edilməsi, Agentliyin əməkdaşları tərəfindən tələbələrə mentorluq xidmətinin göstərilməsi barədə fikir mübadiləsi aparılıb.