28.11.2023

Sosial Xidmətlər Agentliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı çərçivəsində repatriasiya proqramı üzrə çalışan sosial işçilər üçün təlimlər keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı çərçivəsində repatriasiya proqramı üzrə çalışan sosial işçilər üçün təlimlər keçirilir.

27 noyabr - 1 dekabr tarixlərində keçirilən təlimlərdə əməkdaşlara repatriasiya edilmiş şəxslərin sosial re-inteqrasiyası və sosial-reabilitasiyası işinin təşkilinin keyfiyyət səviyyəsinin yaxşılaşdırılması, işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində biliklər aşılanır.

Təlimin məqsədi repatriasiya edilmiş şəxslərin Sosial Xidmətlər Agentliyinin regional filialları vasitəsilə ehtiyaclarının qiymətləndirilməsi və yüksək keyfiyyətli sosial xidmətlərlə təmin edilməsidir.

Qeyd edək ki, ölkəmizə repatriasiya olunmuş şəxslər Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji baxımdan qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir repatriant şəxsin sosial-reabilitasiya yönümlü zəruri sosial xidmətlərlə təmin edilməsi üçün fərdi inkişaf planları hazırlanaraq həyata keçirilir. Sosial reabilitasiya prosesi həmin şəxslər öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir.