Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı çərçivəsində “Yetkinlik yaşına çatmayaları cəmiyyətə qayıdışa hazırlama“ adlı tədbir keçirilib.
Qanunla münaqişədə olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onlar arasında olan təkrar cinayətlərin qarşısınının alınması məqsədilə təşkil edilən görüş Penitensiar xidmətin Tərbiyə müəssisəsində təşkil edilib.
Tədbir 1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.
Çıxışlarda qeyd edilib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məsələləri daim dövlətin diqqət mərkəzindədir və prioritet istiqamətlərdəndir. Bu sahədə qanunvericilik bazasının mövcudluğu, qanun və normativ-hüquqi aktların mütəmadi olaraq təkmilləşdirilməsi onlar üçün cəmiyyətdə lazımi həyat səviyyəsinin formalaşdırılmasına zəmin yaradıb.
Tədbirdə mövzu ilə bağlı təqdimatlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri Tərbiyə müəssisəsinin 20 nəfər sakini ilə anket sorğusu əsasında qiymətləndirmə aparıb. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, məhkumluq müddəti bitəndən sonra onlar müvafiq sosial-psixoloji yardım xidmətinə cəlb olunacaqlar.