27.03.2024

Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında birgə əməkdaşlıq çərçivəsində görülmüş və görüləcək işlərə dair Tədbirlər Planı imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında birgə əməkdaşlıq çərçivəsində görülmüş və görüləcək işlərə dair Tədbirlər Planı imzalanıb. 

Tədbirlər Planı şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin cəmiyyətə sosial-psixoloji adaptasiyasını nəzərdə tutur. 

Sənədi Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Nəvai Əlizadə imzalayıblar. 

P.Səfərov bu kateqoriyadan olan şəxslərlə bağlı Agentlik tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, həmin şəxslərin cəmiyyətə inteqrasiyası, sosial-psixoloji reabilitasiyası istiqamətində mühüm addımlar atılır. 

N.Əlizadə iki qurum arasında bu istiqamətdə əməkdaşlığın müsbət nəticələrindən danışıb. Qeyd olunub ki, növbəti mərhələdə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərlə görüşlərin təşkili və onlarla sosial-psixoloji maarifləndirmə işinin həyata keçirilməsi, səyyar və ya yarımstasionar formada sosial-psixoloji yardım xidmətinin göstərilməsi həyata keçiriləcək. 
Həmçinin probasiya qeydiyyatında olan, müəyyən yaşayış yeri olmayan şəxslərin Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilməsi, əlamətdar günlərdə sosial-mədəni tədbirlərin həyata keçirilməsi və Probasiya xidməti əməkdaşları üçün sosial iş sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulub. 

Sonda hər iki qurumun əməkdaşlarının iştirakı ilə məhkumların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib.