Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi təhsil ocağının ixtisaslı kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib. Sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün bu sahədə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Universitetdə “Sosial iş”, “Təhsildə sosial-psixoloji xidmət”, “Korreksiyaedici pedaqoqika”, “Psixologiya” və digər müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Agentlik bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün mütəmadi işlər görür.
Bildirilib ki, Agentlik sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən ali təhsil müəssisələri ilə birgə iş təcrübəsi qurmaqda davam edir. Həmçinin bu sahədə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verilir.
Memoranduma əsasən növbəti 3 il ərzində Universitetin müvafiq sahədə ixtisas və ixtisaslaşmaları üzrə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri üçün Agentlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramları təşkil olunacaq.
Eləcə də hər iki tərəfin mütəxəssisləri birgə sosial layihələrin hazırlanması və həyata keçirilməsində iştirak edəcəklər.