11.02.2025

Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan 11 gənc Türkiyədə 3 aylıq təcrübə proqramına yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 11 gənc Türkiyəyə təcrübə mübadiləsi üçün yola salınıb. Onlardan 8-i Antalya, 3-ü isə Ankara şəhərində beynəlxalq könüllülük təcrübəsi keçəcəklər. 

Səfər Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Agentliyin Türkiyənin Fiziki məhdudiyyətli şəxslərin dərnəkləri federasiyası ilə icra etdiyi birgə layihə və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzaladığı memorandum əsasında Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Sədr bildirib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 129 şəxsə xidmət göstərilir. 

Bu layihə 2017-ci ildən bu günədək icra olunur. Ötən dövrdə 20 nəfəri Vətən müharibəsi əlili olmaqla, Mərkəzin 173 yetirməsi Türkiyəyə təcrübəyə göndərilib. Əlilliyi olan gənclərimizin sosial reabilitasiyası üçün davamlı tədbirlər həyata keçirilir. Bu proqram da sosial reabilitasiya və sosial dəstək baxımından xüsusi əhəmiyyət daşıyır. 

Bildirilib ki, Türkiyədə müvafiq peşə dərnəklərində təcrübə kurslarına yola salınan gənclər 3 ay ərzində orada qalacaqlar. 

Qeyd edək ki, Mərkəz tərəfindən ötən dövrdə başqa layihələr də həyata keçirilib. Hollandiyada keçirilən The Art of Wellbeing (Sağlamlıq sənəti) Gənclər Mübadiləsi layihəsində Mərkəzdə peşə öyrənən iki gənc iştirak edib. Eləcə də, Mərkəzin 1 yetirməsi ilk dəfə olaraq Niderlandın Lunteren şəhərində 2 aylıq iş təcrübəsində olub. Layihələrin məqsədi inklüziv metodları və vasitələri öyrənmək, mədəniyyətlər arası bilikləri və qabaqcıl təcrübələri bölüşməkdir.