Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində penitensiar müəssisələrdə cəzaçəkməkdən azad edilmiş şəxslərlə sosial-psixoloji tədbirlər davam etdirilir.
“Penitensiar müəssisələrdə cəzaçəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanuna əsasən aparılan prosesdə sosial xidmətə ehtiyacı olan şəxslər sosial reabilitasiya və adaptasiya yönümlü xidmətlərlə əhatə olunurlar.
Reabilitasiya prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən şəxslərə qiymətləndirmənin nəticələrinə əsasən ilkin psixoloji yardım göstərilir, onlar tibbi xidmətlərə də yönləndirilir. Eləcə də məhkumluqdan azad olunmuş şəxslərin sosial problemlərinin həllinə müvafiq dəstək göstərilir və şəxsin cəmiyyətə qayıdışına hazırlıq prosesi həyata keçirilir.
Agentliyin mütəxəssisləri bu məqsədlə cəza çəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər edərək qiymətləndirmə aparır və onlar nəticəyə uyğun olaraq müvafiq sosial xidmətlərə cəlb olunurlar.
Bu ilin ötən dövründə 47 nəfər məhkumluqdan azad olunmuş şəxsin qiymətləndirməsi aparılıb və hazırda onlara sosial-psixoloji yardım xidməti göstərilir.
“Sosial İşin İdarə Edilməsi” (“Keys Menecment”) sistemi vasitəsilə sosial işçilər tərəfindən aparılan yardım prosesi bu kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədi daşıyır.