Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan mobil tətbiqlər bir neçə milli mükafata layiq görülüb.
Sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələr fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən rəqəmsal həllərə, milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə verilən Milli İnternet Mükafatı - MilliNet 2023-ün təqdim etmə mərasimi keçirilib.
Sosial Xidmətlər Agentliyi tərəfindən həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha operativ və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan 6 mobil tətbiq və veb səhifənin (autizmders.az, serebralders.az, ovladinitani.az, danishankitab.az, surdotv.az, unudulmazlar.az) də yer aldığı müsabiqəyə bu dəfə 13 nominasiya üzrə 222 internet resursu təqdim edilib. Onlardan yalnız qaydalara uyğun olan 187 resurs müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Agentliyin Övladını Tanı mobil tətbiqi “İlin rəqəmsal sosial resursu” nominasiyasında 3-cü yerə, Unudulmazlar layihəsi “İlin informasiya resursu” nominasiyasında 1-ci yerə, Danışan Kitab və Surdotv mobil tətbiqləri isə "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyasında müvafiq olaraq 1-ci və 2-ci yerlərə layiq görülüblər.
Mükafatları qəbul edən Agentliyin idarə heyəti sədrinin müavini Pərviz Səfərov Millinet mükafatının təşkilat komitəsinə və seçim prosesində iştirak edən ekspertlərə təşəkkürünü bildirib.