02.05.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidməti çərçivəsində maarifləndirmə görüşləri davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidməti çərçivəsində maarifləndirmə görüşləri davam edir. 

Xətai və Nizami rayonları ərazisində yerləşən ümumtəhsil məktəblərində təşkil edilən növbəti görüşdə həmin məktəblərə təhkim olunmuş sosial pedaqoqlar iştirak edib. 

Görüş Sosial Xidmətlər Agentliyi ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində keçirilib. 

Tədbirdə Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər barədə məlumat verib. 

Çıxışlarda təhsildə sosial iş xidməti, bullinqin səbəbləri və onunla mübarizə yolları, məktəb tərəfindən risk qrupunda hesab olunan şagirdlərin ilkin qiymətləndirilməsi aləti və digər mühüm istiqamətlərdə məlumatlar verilib. 

Sonda məktəbin sosial pedaqoqlarının bullinqlə bağlı şahid olduqları hallar və fikirləri dinlənilib, onlara bu istiqamətdə tövsiyələr verilib.