01.06.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş daha bir tədbir keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş daha bir tədbir keçirilib.

Agentliyin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində təşkil edilən tədbirdə müəssisənin sakinləri və onların valideynləri də iştirak edib.

Tədbirin açılışında həssas əhali qruplarından olan şəxslərə göstərilən dövlət qayğısına diqqət çəkilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti xüsusi qayğıya ehtiyacı olan uşaqların da sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə şərait yaradıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətli bir hissəsi məhz uşaqların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunmasına xidmət edir.

Tədbirin məqsədi müəssisədə xidmət göstərilən uşaqların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, eləcə də ekoloji mühitin sağlamlaşdırılması və ətraf mühitin yaxşılaşdırılması prosesində həssas əhali kateqoriyalarından olan şəxslərin iştirakını təmin etməkdir.

Görüşdə azyaşlılar müxtəlif əyləncəli oyunlarda iştirak edərək xoş anlar yaşayıblar.

Sonra Xanəndə Mirələm Mirələmov və əməkdar artist Nigar Şabanovanın ifasında musiqi nümunələri təqdim edilib.