Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən bir qrup əlilliyi müəyyən edilmiş şəxs üçün ustad dərsləri təşkil edilib.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində keçirilən ustad dərslərində Mərkəzin mütəxəssisləri əlilliyi müəyyən edilmiş şəxslərlə öz bilik və bacarıqlarını bölüşüblər.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin və Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə öyrənən gənclər iştirak edib.
İştirakçılar rəngkarlıq, keramika və batika kimi sənət nümunələrinin hazırlanması ilə məşğul olmaq, bu sahələrin sirlərini peşəkarlardan öyrənmək və təcrübə qazanmaq imkanı əldə ediblər.
Ustad dərslərinin məqsədi həssas qruplardan olan şəxslərin motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq və sosial reabilitasiyasına dəstək olmaqdır.