28.12.2023

Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Professor Ədalət Muradov imzalayıb.
Rektor tədbirdə universitetin fəaliyyəti və “Sosial iş” ixtisasının tədrisi haqqında ətraflı məlumat verib. Ə.Muradov bildirib ki, İqtisad Universitetində “Sosial iş” ixtisasının tədrisinə xüsusi önəm verilir, tələbələr ölkəmizdə sosial xidmətin inkişafının daha da gücləndirilməsi istiqamətində təhsil alırlar.    
Hazırda bakalavr səviyyəsində bu ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qeyd edib ki, Agentlik sosial xidmətlərin göstərilməsi, imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən mənzil, fərdi ev, avtomobil təminatı, övladlığagötürmə fəaliyyəti və digər istiqamətlərdə fəaliyyət göstərir. Agentliyin bütün ölkəni əhatə edən filial və müəssisələri ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar və stasionar formada xidmətlər göstərilir.
V.Behbudov vurğulayıb ki, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması üçün sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə əməkdaşlıq edilir, bu sahədə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi əhəmiyyət verilir.
Memoranduma əsasən sosial xidmət sahəsində elmi-təcrübi əlaqələrin inkişaf etdirilməsi, habelə bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələblərinə cavab verən və ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması və bu kimi digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.