Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Referans Medical Groupun birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.
Tibb Mərkəzinin Xaçmaz filialında təşkil olunan aksiyada 10-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib. Kardioloq, terapevt, ginekoloq, oftalmoloq, pediatr mütəxəssislər tərəfindən müayinələr aparılıb.
Ümumilikdə gün ərzində aksiya iştirakçılarına 100-dən çox tibbi xidmət göstərilib. Həmçinin, həkim təyinatlarına əsasən şəhid ailələrinin üzvləri və müharibə veteranları digər xidmətlərdən də ödənişsiz şəkildə keçiblər.
Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.
Analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsi planlaşdırılır.