26.09.2024

Sosial Xidmətlər Agentliyi və TƏBİB arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və TƏBİB arasında həssas əhali qruplarına aid şəxslərə xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qonaqlara qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib və bildirib ki, iki qurum arasında sıx əməkdaşlıq həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsinə və möhkəmlənməsinə səbəb olacaq. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyəti və həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, Agentlik respublika üzrə həssas əhali qruplarından olan vətəndaşlarımızı səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edir. Əməkdaşlıq Memorandumunun xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərdə əhatəliliyin artırılmasında xüsusi əhəmiyyətə malik olacağı vurğulanıb. 

Məlumat üçün bildirək ki, imzalanan memoranduma əsasən tərəflər birgə tibbi-sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tibbi xidmət və sosial reabilitasiya sahəsində birgə işlərin aparılması, ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması və digər vacib istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər. 

Həmçinin Agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə şəxslərin qəbulu zamanı təxirə salınmadan ilkin tibbi müayinə, onlara ilkin tibbi yardımın göstərilməsi və zəruri sənədlərin alınmasının təşkili, eləcə də ehtiyac olduqda Agentliyin müəssisələrində yaşayan şəxslərin stasionar müalicəsinin təşkili məqsədilə əməkdaşlıq ediləcək. 

Qeyd edək ki, Anlaşma Memorandumu 5 il müddətinə imzalanıb.