25.06.2024

Sosial Xidmətlər Agentliyində çalışan bir qrup müharibə veteranı və müharibə ilə əlaqədar əlilliyi olan şəxslə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində çalışan bir qrup müharibə veteranı və müharibə ilə əlaqədar əlilliyi olan şəxslə görüş keçirilib. 
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov görüş iştirakçılarını 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib. 
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrilib. Bu sahəyə ayrılan xüsusi diqqət nəticəsində torpaqlarımızın işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Tarixi Zəfərlə yekunlaşan Vətən müharibəsi ilə xalqımızın yurd həsrəti sona çatdı. 
Diqqətə çatdırılıb ki, Vətən müharibəsində şücaət göstərən qəhrəman oğullarımız arasında Agentlikdə çalışanlar da var. Hazırda Sosial Xidmətlər Agentliyinin müxtəlif strukturlarında 30-a yaxın müharibə əlili və müharibə veteranı çalışır.