08.05.2025

Sosial Xidmətlər Agentliyində Cüdo Federasiyasının nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Azərbaycan Cüdo Federasiyasının nümayəndələri ilə görüşüb. 

Görüşün məqsədi Agentliyin müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların cüdo idman növü ilə tanış edilməsi, potensiallı uşaqların cüdoya cəlb edilməsidir. 

Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən həssas kateqoriyadan olan uşaqlara göstərilən sosial xidmətlər barədə məlumat verib, bu sahədə aparılan işlər və əldə olunan nəticələrdən bəhs edib. 

Qonaqların diqqətinə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar Sosial Xidmətlər Agentliyi tərəfindən səyyar, stasionar və yarımstasionar xidmətlərlə əhatə olunurlar. Həmin uşaqlar Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri, psixonevroloji sosial xidmət müəssisələri, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, Uşaq evləri, Sosial Xidmət Mərkəzləri və digər müəssisələrində dövlət qayğısı ilə əhatə olunurlar. 

Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, cüdo idman növü yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda uşaqlarda mühüm insani keyfiyyətlərin formalaşmasına xidmət edən bir tərbiyə sistemidir. Bu idman növünün təməlində dayanan hörmət, cəsarət, təvazökarlıq, dostluq, şərəf və özünüidarə kimi dəyərlərin uşaqlara aşılanması xüsusi əhəmiyyət daşıyır. Cüdo həmçinin uşaqlarda fiziki aktivliyi artırır, psixoloji sağlamlığa müsbət təsir göstərir və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirir. Bu baxımdan, cüdo təkcə bir idman növü kimi deyil, eyni zamanda həyat bacarıqları qazandıran kompleks inkişaf vasitəsi kimi dəyərləndirilə bilər. 

Görüşdə cüdo sahəsində gələcək əməkdaşlıq imkanları və birgə layihələr müzakirə olunub.