Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Agentliyin sədri Vüqar Behbudov fəaliyyət istiqamətləri, vətəndaşlara göstərilən sosial xidmətlər, eləcə də həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində həssas qrupların daima qayğı mühiti ilə əhatə olunması üçün tədbirlər həyata keçirilir. Ölkəmizdə sosial yönümlü layihələr davamlı xarakter daşıyır və sosial dəstəyə ehtiyacı olan bütün şəxsləri əhatə edir.
Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq görüləcək işlər diqqətə çatdırılıb.
İctimai şuranın sədri Elşad Məmmədov Agentliklə əməkdaşlığın gücləndirilməsi, fəaliyyət sahələri ilə daha yaxından tanış olmaq məqsədilə müəssisələrə səfərlərin təşkil olunmasının vacibliyini bildirib.
Şuranın digər üzvlərinin fikirləri, təklifləri dinlənilib. Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.