14.06.2024

Sosial Xidmətlər Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
 
Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov həssas əhali qruplarından olan şəxslərlə aparılan sosial iş, onlara göstərilən sosial xidmətlər və bu sahədə həyata keçirilən layihələr barədə məlumat verib. 

Diqqətə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımız Agentliyin müəssisələri vasitəsilə səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edilirlər. Xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın bir sıra şəhər və rayonlarında sosial sifarişlər ilə layihələr də icra olunur. 

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri və hədəfləri, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərdən danışılıb. 

İmtiyazlı şəxslərin mənzil təminatı, sanatoriya-kurort yollayışları, uşaqların  reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı, eləcə də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər mövzularda qonaqları maraqlandıran suallar cavablandırılıb. 

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.