Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin (ÇASGEM) nümayəndələri ilə görüş keçirilib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial layihələr, qurumun filial və müəssisələri tərəfindən həssas qruplara səyyar, stasionar və yarımstasionar formada göstərilən sosial xidmətlər barədə məlumat verib.
Bildirilib ki, sosial xidmətlərin əhatə dairəsinin genişlənməsi, əlçatanlığın artırılması və sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində davamlı olaraq işlər aparılır.
Qonaqlar Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq ölkədə sosial xidmətlər sisteminin inkişaf etdirilməsi üçün qarşıda duran hədəflərlə tanış edilib.
Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin rəhbəri Elif Gökçearslan təmsil etdiyi qurumun fəaliyyətindən danışıb.
Qeyd olunub ki, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadilələrinin aparılması bu sahənin daha da inkişafı baxımından əhəmiyyətlidir.