Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Paytaxtın Yasamal rayonunda, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq, aktiv terapevt və digər mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
Mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov iştirak ediblər.
V. Behbudov bu kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həssas əhali qruplarından olan şəxslər daim diqqət mərkəzində saxlanılır. Onların sosial müdafiəsi tədbirləri mütəmadi olaraq gücləndirilir, sosial xidmətlər sisteminin əhatə dairəsi genişləndirilir. Agentlik hazırda 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri səyyar, stasionar və yarımstasionar formada sosial xidmətlərlə təmin edir.
E.Həsənov Mərkəzin fəaliyyətə başlamasını həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində mühüm addım adlandırıb.
Daha əvvəl açılışı olan Abşeron, Sabunçu və Nərimanov İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində bu kateqoriyadan olan 350-dən çox uşağın reabilitasiyası işləri aparılıb, hazırda 178 uşaq müvafiq xidmətlərlə təmin edilir.
Yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yarımstasionar formada 0-18 yaş qrupuna aid əlilliyi olan uşaqlar yararlanacaqlar. Agentliyin mütəxəssisləri tərəfindən onlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstəriləcək.
Burada uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri təşkil ediləcək, valideynləri müvafiq təlimlərə cəlb olunacaq.
Ay ərzində 60-a yaxın uşağa xidmət göstərəcək Mərkəz uşaqlara keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla da təchiz edilib.