18.03.2024

Sosial Xidmətlər Agentliyinin Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərə dair Tədbirlər Planı imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərə dair Tədbirlər Planı imzalanıb. 

Tədbirlər Planı Azərbaycan Respublikasının “Sosial xidmət haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunlarına əsasən sosial reabilitasiya yönümlü fəaliyyətin həyata keçirilməsi ilə bağlı görülmüş və görüləcək işləri əhatə edir. 

Əməkdaşlıq penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış şəxslərin cəmiyyətə sosial-psixoloji adaptasiyası məqsədi daşıyır. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov bildirib ki, Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də bu kateqoriyadan olan vətəndaşlarımızı müvafiq sosial xidmətlərlə təmin edir. Mərkəzdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş daimi yaşayış sahəsi olmayan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması üçün onlara hüquqi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir. 

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Penitensiar müəssisələrdə cəza müddətinin qurtarmasına 3 ay qalmış məhkumlarla görüşün təşkili və onlarla sosial-psixoloji maarifləndirmə işinin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Qeyd olunub ki, birgə əməkdaşlıq bu kateqoriyadan olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq. 

Tədbirlər Planı çərçivəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərdən sosial adaptasiyaya ehtiyacı olanlara səyyar və ya yarımstasionar formada sosial-psixoloji yardım xidmətinin göstərilməsi, müəyyən yaşayış yeri olmayan şəxslərin Agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi və digər birgə tədbirlərin  təşkili nəzərdə tutulub. 

Həmçinin Sosial Xidmətlər Agentliyi tərəfindən pilot layihə olaraq cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış və həssas əhali qrupuna aid olan şəxslərə psixoloji yardım xidmətinin göstərilməsi də nəzərdə tutulub.