29.12.2024

Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün türkiyəli mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün türkiyəli mütəxəssislərin iştirakı ilə növbəti təlim təşkil edilib. 

Türkiyə Respublikasının 29 Mayıs Universitetinin Professoru Talip Yiğit və Sakarya Universitetinin Professoru Mehmet Zafer Danış tərəfindən keçilən təlimlər dörd gün davam edib. 

İştirakçılara uşaq rifahının fəlsəfəsi, uşaqların qorunmasında sosial xidmət təcrübələri, gələcəyin uşaq problemləri, cinayətə sürüklənmiş uşaqların reabilitasiyasında sosial işin yeri və əhəmiyyəti, yetkinlik yaşına çatmayan şəxslərin sosiallaşmasında qarşıya çıxan problemlərin vaxtında aşkarlanması mövzuları üzrə məlumatlar verilib, təqdimatlar edilib. 

Təlimlərə Agentliyin aparatının, filiallarının və müəssisələrinin müvafiq sahədə çalışan əməkdaşları cəlb edilib. 

Təlimçilər tərəfindən müxtəlif real keyslər üzrə nümunələr göstərilib və təcrübələr bölüşülüb, suallar cavablandırılıb. 

Təlimlərin məqsədi iştirakçıların bilik və bacarıqlarının artırılmasıdır.