01.10.2024

Sosial Xidmətlər Agentliyinin əməkdaşları xalq artisti Svetlana Həkimovanı Beynəlxalq Ahıllar Günündə ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Sumqayıt şəhər sakini Svetlana Həkimovanı 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə ziyarət ediblər. 

84 yaşlı teatr və kino aktrisası, xalq artisti Svetlana Həkimova 2013-cü ildən tənha ahıl kimi sosial xidmətə cəlb olunub. 
Agentliyin sosial xidmətçisi tərəfindən ona evdə səyyar sosial-məişət xidməti göstərilir. 

Ziyarət zamanı ahılla həmsöhbət olan əməkdaşlar Svetlana xanımı Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib, ona can sağlığı və uzun ömür arzu ediblər. 

Ahılımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. Svetlana Həkimova ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən Sumqayıtda 159-u qadın, 28-i kişi olmaqla 187 ahıla səyyar sosial-məişət xidməti göstərilir. Ümumilikdə isə respublika üzrə 3161 ahılımız bu xidmətlərdən yararlanır.