Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Samux rayonunda şəhid leytenant Elvin Məmmədzadənin ailəsini ziyarət edib.
Vətən müharibəsi şəhidi Elvin Məmmədzadə 9 noyabr 2020-ci il tarixində Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Azərbaycan Bayrağı” Ordeni, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Vətən uğrunda”, “Şücaətə görə”, “Qubadlının azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsinə sosial ödənişlər təyin edilib və ailə ilə bağlı digər sosial dəstək tədbirləri həyata keçirilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərdən bəhs edilib.
Agentlik sədri şəhid Elvin Məmmədzadənin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını vurğulayıb.