Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov şəhid Məhəmməd Məmmədovun Ağcabədidə yaşayan ailəsini ziyarət edib.
Agentlik sədri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi məqsədilə həyata keçirilən tədbirlər son illərdə daha da gücləndirilib.
Şəhid Məhəmməd Abbas oğlu Məmmədov 13 noyabr 1998-ci ildə dünyaya gəlib. 44 günlük haqq savaşımız zamanı Vətənin müdafiəsinə qoşulub. 23 oktyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən qızğın döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”,”Füzulinin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.