Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində “İnsan hüquqları aylığı”na həsr edilmiş görüşlər keçirilib.
Abşeron, Sabunçu və Nərimanov Sosial Xidmət Mərkəzlərində keçirilən tədbirlərdə bu mərkəzlərdə sosial reabilitasiya proqramına cəlb olunan uşaqların valideynləri iştirak edib.
Görüşlərin məqsədi valideynlərin uşaq hüquqları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması, ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, cəmiyyətdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən qorunması ilə bağlı məsələlərə diqqət çəkməkdir.
Çıxışlarda həmçinin Agentliyin mütəxəssisləri tərəfindən uşaqların təhlükəsizliyində valideynlərin və böyüklərin rolundan danışılıb, uşaq hüquqlarına dair maarifləndirici söhbətlər edilib.
İnteraktiv şəkildə keçirilən görüşlərdə valideynlər fikirlərini və təcrübələrini bölüşüblər, onları maraqlandıran suallara cavab tapıblar.