08.05.2024

Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialı və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, eləcə də Sosial Xidmətlər Agentliyi tərəfindən xidmət göstərilən həssas əhali qruplarından olan şəxslər iştirak ediblər. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətini xalqımızın rifahının yüksəldilməsinə, ölkəmizin gələcəyinin qurulmasına həsr edib. Ümummilli lider cəmiyyətin həssas kateqoriyadan olan nümayəndələrinə daima xüsusi qayğı ilə yanaşıb, onların sosial müdafiəsi məsələlərini diqqət mərkəzində saxlayıb. 

Bildirilib ki, Masallı sakinləri də hər zaman bu sosial dəstək tədbirləri ilə əhatə olunublar. İmtiyazlı kateqoriyadan olan digər şəxslər kimi, rayon ərazisində yaşayan ahılların da sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə olunması, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlər həyata keçirilir. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev qeyd edib ki, Agentliyin regional filialları tərəfindən hazırda 3448 nəfərə evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Masallı rayonu üzrə isə hazırda 61 vətəndaşa evdə (səyyar) sosial-məişət xidməti göstərilir. Onlardan 21 nəfəri əlilliyi olan şəxslərdir. 

Ahıl şəxslər çıxışlarında daim dövlət qayğısı ilə əhatə olunduqlarına görə təşəkkür ediblər. 

Sonda region üzrə 20-ə yaxın əlilliyi olan şəxsin 200-ə yaxın əl işinin nümayiş olunduğu “Ulu Zirvə” adlı satış sərgisi təşkil edilib.