31.05.2024

Sosial Xidmətlər Agentliyinin tabeliyində 2 və 3 saylı uşaq evlərinin 143 sakini üçün təlimlər təşkil olunub.

“PAŞA Bank”, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş layihə həyata keçirilib. 
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova çıxışında əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu kimi inklüziv tədbirlərin davamlı olması böyük əhəmiyyətə malikdir. 
Üç gün davam edəcək layihə çərçivəsində Agentliyin 2 və 3 saylı uşaq evlərinin valideyn himayəsindən məhrum olmuş 143 sakininə təlim keçiləcək. 
Təlim zamanı şagirdlərə interaktiv və tətbiqi dərs üsulu ilə 6 istiqamət (riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya) üzrə təməl bilik və bacarıqlar açılanacaq. 
Mərkəzdə dərslərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robotexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar da öyrədiləcək.