01.12.2023

Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Məişət zorakılığı mövzusunda onlayn təlim keçirilib.

Maarifləndirmə xarakteri daşıyan görüşdə Agentliyin sosial sifarişləri çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında yaradılan günərzi qayğı mərkəzlərinin psixoloq, pedaqoq və sosial işçiləri iştirak edib.

Təlimin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirmənin artırılmasıdır.

Görüşdə mövzu ətrafında geniş müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, bu ilin may ayından icrasına başlanan layihə çərçivəsində 21 şəhər və rayonda (Ağsu, Ağdaş, Bərdə, Cəlilabad, Gəncə, Xaçmaz, İmişli, Qax, Qazax, Qobustan, Qəbələ, Quba, Lənkəran, Masallı, Oğuz, Samux, Sabirabad, Şabran, Şəmkir, Şirvan, Ucar şəhər və rayonları) qurulan günərzi mərkəzlərdə 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqların sosial reabilitasiyası aparılır.