09.07.2024

Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarları üçün piknik təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiya proqramını başa vuran əlilliyi olan bir qrup uşağın iştirakı ilə piknik təşkil edilib. 
Sumqayıt şəhərində yerləşən Nəsimi parkında keçirilən tədbirdə uşaqlarla qrup terapiyası zamanı maraqlı psixoloji oyunlar oynanılıb, valideynlər üçün isə yoqa məşqləri təşkil edilib.
Həmçinin, uşaqlar art terapiya çərçivəsində rəngli kartonlardan əl işləri hazırlayıb  və rəsmlər çəkiblər. Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqların hisslərini ifadə etməsinə, çətin emosiyaların idarəsinə, həmçinin onların sosial bacarıqlarının inkişafına nail olmaqdan ibarətdir.
Daha sonra açıq səma altında uşaqlar üçün əyləncəli proqramlar təşkil edilib, müxtəlif animatorlar dəvət olunub. Piknik zamanı təşkil edilən bu fəaliyyətlər uşaqlara xoş əhval-ruhiyyə bəxş edib və əyləncəli anlar yaşadıb.