23.11.2023

“Təhsildə sosial iş” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Təhsildə sosial iş” layihəsi ilə bağlı növbəti onlayn görüş keçirilib. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi Təhsil Sektorunun müdiri Anar Xələfov, eləcə də hər iki qurumun layihə üzrə fəaliyyət göstərən nümayəndələri iştirak ediblər. 

M.İsmayılova bildirib ki, “Təhsildə sosial iş” layihəsi üzrə işlər plana uyğun olaraq davam etdirilir və layihə artıq bütün ölkəni əhatə edir. Bunun üçün iki qurum arasında koordinasiyalı iş aparılır, sosial təhlükəli vəziyyətdə olan uşaqların hər biri qiymətləndirilir. 

A.Xələfov qeyd edib ki, layihənin əhəmiyyəti çox böyükdür və görülən işlər həm də uşaqların akademik nəticələrinə, cəmiyyətə sosial adaptasiyalarına müsbət təsir göstərəcək. 

Çıxışlarda layihə çərçivəsində şagirdlərlə aparılacaq işlər, həssas uşaqların təhsil aldığı məktəblərdə qiymətləndirmənin metodları və digər vacib məqamlar müzakirə edilib. 

Qeyd edək ki, “Təhsildə sosial iş” layihəsinin məqsədi orta məktəblərdə həssas əhali qruplarından olan uşaqların erkən aşkarlanması, onların ailələri ilə sosial işin aparılması yolu ilə çətin həyat şəraiti ilə qarşılaşmalarının qarşısının alınması, məktəblilərin akademik və sosial uğurlarının dəstəklənməsidir.