Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş xidməti” mövzusunda daha bir maarifləndirici tədbir keçirilib.
Qaradağ rayonunda yerləşən Cəbrayıl rayon 1 saylı və Soltanlı kənd tam orta məktəblərinin kollektivi üçün keçirilən tədbirdə çıxış edənlər Agentliyin fəaliyyəti, uşaq hüquqlarının müdafiəsi, bullinqin səbəbləri və onunla mübarizə yolları, uşaq istismarı və müdafiə üsulları, şagirdlərin hüquq və vəzifələrindən düzgün istifadə mövzularında təqdimat ediblər.
Məktəbin müəllim heyəti və məktəb psixoloqları, eləcə də 6-9-cu sinif şagirdləri və onların valideynlərinin iştirak etdiyi görüşdə həmçinin “Təhsildə sosial iş xidməti”nin mahiyyəti izah edilib, şagirdlərin inkişafındakı rolundan danışılıb.
Çıxışlarda erkən nikaha qarşı fərqindəlik mövzusuna da diqqət çəkilib, erkən nikahın fərdin mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktor olduğu vurğulanıb.
Sonda şagirdlərin fikirləri dinlənilib və onlara müvafiq istiqamətlərdə tövsiyələr verilib.