31.10.2024

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur

Ankara şəhərində (Türkiyə) Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək və sosial müdafiə üzrə qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə “Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində dəyirmi masa keçirilib. 

Tədbirin məqsədi təşkilata üzv dövlətlərin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışların müzakirəsi, uğurlu təcrübələrin mübadiləsidir.

Türkiyədə səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad edib.

S.Babayev dəyirmi masada çıxışında türk ölkələri ilə əlaqələrin genişləndirilməsinin, TDT-nin gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritet istiqaməti olduğunu qeyd edib. O bu ilin 5-6 iyul tarixlərində Şuşada dövlət başçılarının Zirvə görüşünün və imzalanmış “Qarabağ Bəyannaməsi”nin türk dünyasının inteqrasiyasının inkişafı üçün tarixi əhəmiyyətini vurğulayıb. 

Nazir əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində əmək bazarının inkişafı və sosial müdafiə sisteminin effektivliyinin vacibliyini, bu sahələrdə uğurlu təcrübələrin mübadiləsinin önəmini qeyd edib. S.Babayev ölkəmizdə aparılan sosial islahatların, DOST konsepsiyasının uğurlarını, DOST modelinin qardaş Özbəkistanda da tətbiqi ilə bağlı qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.   

O, 2019-cu ildən Azərbaycanda həyata keçirilən 4 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki ciddi artımları, həssas qrupların sosial xidmətlərlə əhatə olunması, sosial xidmətlərin avtomatlaşdırılması işlərini, ölkəmizdə qurulmuş proaktiv təyinat mexanizmlərini, e-sosial internet portalı və “Əmək və Məşğulluq” e-sisteminin innovativ üstünlüklərini qeyd edib. 

Ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsinin əmək ehtiyatlarının da sərbəst hərəkəti ilə sıx bağlı olduğunu bildirən S.Babayev Azərbaycanla bir sıra türkdilli dövlətlərin əmək miqrasiyası sahəsində ikitərəfli müqavilələrinin imzalandığını diqqətə çatdırıb. Nazir müsbət təcrübələrin mübadiləsində maraqlı olduğumuzu, bu toplantının TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə sistemlərinin gücləndirilməsinə və ölkələrimiz arasında qeyd olunan sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəmli  töhfə verəcəyini vurğulayıb. 

Tədbirdə üzv ölkələrin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışlar müzakirə olunub, təcrübə mübadilələri aparılıb.