18.11.2024

Türkiyə nümayəndə heyəti uşaqlar üçün sosial xidmət müəssisəsi ilə tanış olub

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkanın başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas qruplardan olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumat verib. 

Bildirilib ki, hazırda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində valideyn himayəsindən məhrum olan 95 uşaq dövlət qayğısı ilə əhatə olunur. Burada həmçinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlər görülür, asudə vaxtları səmərəli təşkil edilir. 

Nümayəndə heyəti Uşaq evinin sakinlərinin təqdimatında rəqs nümunələrinə tamaşa edib. Azyaşlıların hazırladıqları rəsm əsərləri, xalçaçılıq, toxuculuq və digər əl işləri  qonaqların böyük marağına səbəb olub. 

Sonda sosial xidmət müəssisəsindəki uşaqların ifasında Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən ədəbi-bədii kompozisiya təqdim edilib.