28.02.2024

Türkiyənin alternativ qayğı modeli sahəsində yeni ideyalar və təşəbbüslərinin ölkəmizdə tətbiqi məqsədilə görüşlər keçirilib

Azərbaycanın və Türkiyənin sosial xidmət sahəsində göstərdiyi alternativ qayğı modelinə uyğun xidmətlər sahəsində yeni ideyaların və təşəbbüslərin tətbiqi məqsədilə görüşlər keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən sosial xidmət mərkəzləri ilə tanış olub.
Səfər çərçivəsində Saray Əngəlsiz Yaşam, Baxım və Reabilitasiya Mərkəzi, Yeni Məhəllə Sosial Xidmət Mərkəzləri ziyarət olunub. Mərkəzlərin strukturu, həyata keçirilən fəaliyyətlər, sosial reabilitasiya otaqları və həssas qrupdan olan şəxslərə göstərilən xidmətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün məqsədi Türkiyə və Azərbaycanın sosial xidmət sahəsində göstərdiyi alternativ qayğı modelinə uyğun xidmətlərin (səyyar, yarımstasionar və müəssisə əsaslı xidmət) modellərinin bir-birinə uyğunlaşdırılması, yeni ideyaların və təşəbbüslərin innovativ qaydada tətbiqidir.
Səfər zamanı Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin (ÇASGEM) nümayəndələri və əlilliyi olan şəxslər tərəfindən xidmət göstərilən Down Cafe / əngəlsiz kafenin fəaliyyəti ilə də tanışlıq olub.
Görüşlərdə Sosial Xidmətlər Agentliyinin müəssisələri və İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərinin fəaliyyəti barədə qarşı tərəfə məlumatlar verilib. Qardaş ölkənin bu sahədə təcrübəsinin Agentliyin müvafiq mərkəzlərində tətbiqi üçün müzakirələr aparılıb.