30.05.2024

Türkiyənin əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nümayəndə heyətinə ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. 

Mərkəzin direktoru Nigar Məmmədova qonaqları Mərkəzin fəaliyyəti ilə tanış edib. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. 

Burada əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, digər həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq qabiliyyətinin inkişafına dəstək məqsədilə təlimlər və sosial-psixoloji dəstək tədbirləri təşkil olunur. 

Mərkəzin İsmayıllı rayonundakı “DOST EVİ” filialı haqqında da məlumat verilib. Nümayəndə heyəti Mərkəzin benefisiarlarının “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdikləri əl işlərindən ibarət sərgi, habelə Türkiyəyə həsr etdikləri yaradıcılıq nümunələri və təlim prosesi ilə tanış olublar. 

Mərkəzin İnklüziv Kamera Orkestrinin üzvlərinin, təlimçi və benefisiarlarının ifasında musiqi proqramı da təqdim edilib.