Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həssas qruplardan olan şəxslər üçün növbəti ustad dərsləri təşkil edilib.
Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə Heydər Əliyev və Elbrus zirvələrinə qalxmış Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs Polad Rzayev və tanınmış alpinist İsrafil Aşurlu iştirak ediblər.
P.Rzayev və İ.Aşurlu şəhid ailələri üzvləri, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən əlilliyi olan şəxslər, həmçinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr və digər həssas qruplarla öz uğur hekayələrini bölüşüblər.
Görüş iştirakçılarına qarşılarına qoyduqları hədəfə nail olmaq üçün yorulmadan və həvəsdən düşmədən çalışmağın, uğur əldə etməyin sirlərindən bəhs edilib.
Maraqlı müzakirələr, sualların cavablandırılması ilə davam edən görüş iştirakçılara peşəkar tövsiyələrin verilməsi ilə yekunlaşıb.
Sayca dördüncü dəfə təşkil olunan “Uğur” ustad dərsləri layihəsinin məqsədi müxtəlif sahələrdə uğur qazanmış insanların həssas qruplardan olan şəxslərlə görüşlərini təşkil etməklə həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaqdır.