16.08.2023

Ukraynalı uşaqların Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən 30 ukraynalı uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ziyarət zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev də ukraynalı uşaqlarla birgə olub. Uşaqlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar. Onlar həmçinin Mərkəzdə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, tükənməz təbii sərvətlərini əks etdirən sərgi, habelə Salvador Dalinin əsərlərindən ibarət sərgi ilə də tanış edilib.

Qeyd edək ki, bundan əvvəl ukraynalı uşaqların İsmayıllı, Qəbələ, Şəki və Şamaxıya ekskursiyaları təşkil olunub. Uşaqlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak ediblər.