21.11.2023

Uşaq əməyinin istismarına qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaq əməyinin istismarına qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. 

“Uşaq hüquqları” aylığı çərçivəsində təşkil edilən görüşdə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, göstərilən xidmətlər, zərərçəkmişlərlə aparılan sosial reabilitasiya işləri barədə təqdimatlar edilib. 

Görüşdə gənclərə ölkəmizdə uşaq hüquqları sahəsində mövcud olan qanunlar, uşaq hüquqlarının qorunması istiqamətində atılan mühüm addımlar və həyata keçirilən tədbirlər barədə məlumatlar verilib. 

Çıxışlarda uşaqların milli dəyərlər əsasında düzgün tərbiyəsi, erkən nikahların uşaqların təhsilini davam etdirməsi üçün törətdiyi maneələr və fiziki, psixoloji zərərlər, uşaq əməyinin istismarı və ona qarşı mübarizə, həmçinin digər mövzulara diqqət çəkilib. 

Qeyd edək ki, görüş Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən keçirilib.