14.11.2024

Uşaq Hüquqları Aylığı çərçivəsində təlimlər keçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində sakinlər üçün “Zərərli vərdişlərin qurbanı olmayaq!” və “Uşaq olaraq hüquqlarımızı bilək və paylaşaq!” mövzularında təlimlər keçilib.

“Uşaq olaraq hüquqlarımızı bilək və paylaşaq!” mövzusuna həsr olunan təlimdə uşaqlara hüquqları haqqında məlumat verilib, hüquq pozuntuları ilə rastlaşan zaman nə etməli olduqları, hüquqlarını bilməklə yanaşı vəzifələrini də düzgün və vaxtında yerinə yetirməli olduqları aşılanıb. Həmçinin insan hüquqları anlayışı, uşaq hüquqları, gender bərabərliyi mövzularında iştirakçılara məlumatlar verilib.

“Zərərli vərdişlərin qurbanı olmayaq!” təlimi zamanı sağlam həyat tərzi təbliğ olunub, uşaqlar zərərli vərdişlərin yol açdığı problemlər barədə məlumatlandırılıb. Bildirilib ki, zərərli vərdişlər təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəvi aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır. 

Mövzular ətrafında geniş müzakirələr aparılıb və uşaqları maraqlandıran suallar cavablandırılıb.