Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində Uşaq hüquqları aylığı çərçivəsində bir sıra tədbirlər təşkil edilib.
Tədbirlərdə “20 oktyabr - 20 noyabr Uşaq Hüquqları Aylığı!” mövzusu geniş müzakirə olunub. Uşaq Hüquqları Konvensiyası, milli qanunvericilik, uşaq hüquqlarının müdafiəsi istiqamətində atılmış mühüm addımlar haqqında məlumat verilib.
“Erkən nikaha qarşı mübarizə uşaq hüquqlarının qorunmasıdır!” mövzusunda təlim keçilib. Təlimdə erkən nikah və onun fəsadları barədə müzakirələr aparılıb. Fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan amil olduğu qeyd edilib.
Uşaqlar insan alveri ilə mübarizə sahəsində də maarifləndiriliblər. “Hüquqlarını bil, insan alveri qurbanı olma!” mövzusunda təlim təşkil edilib. Təlimin məqsədi uşaqlara insan hüquqlarının müdafiəsi istiqamətində, həmçinin gender bərabərliyinin təmin edilməsi və potensial insan alverinə məruz qala biləcək insanlar haqqında məlumat vermək olub.