Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa keçirilib.
Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüş Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən maarifləndirici tədbirlərin davamıdır.
Tədbirdə bir sıra dövlət qurumlarının və özəl təşkilatların nümayəndələri, Agentliyin İnsan Alveri qurbanlarına Yardım Mərkəzinin əməkdaşları, eləcə də rayonun bəzi məktəblərində fəaliyyət göstərən psixoloqlar iştirak edib.
Dəyirmi masada mövzunun aktuallığı, bununla bağlı məktəblərdə və xüsusilə ailə zorakılığına məruz qalan, valideynləri tərəfindən təhsildən yayındırılan şagirdlərlə və onların ailələri ilə aparılan işlərdən danışılıb.
Sonra İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələri iştirakçıları Mərkəzin fəaliyyəti, insan alveri qurbanları ilə aparılan işlər barədə məlumatlandırıblar. Erkən nikah və məişət zorakılığının qurbanı olan uşaqların gələcəkdə insan alverinin potensial qurbanına çevrilməsindən danışılıb.
Mərkəzin əməkdaşları insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunması haqqında məlumat veriblər.
Görüşdə iştirakçıları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.