07.11.2024

Vətən müharibəsi iştirakçıları “Ahıllar evi”nin sakinləri ilə görüşüblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib. 

Tarixi Zəfərimizin dördüncü ildönümünə həsr edilən görüşdə Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev, Vətən müharibəsi iştirakçıları Pərvin Şahməmmədov, Yaşar Nəzərli, Sosial Xidmətlər Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Vüsal Hətəmov və ahıllar iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra iştirakçılar Möhtəşəm Zəfərimizdə yer aldıqları döyüşlərdən, xatirələrindən danışıblar, ordumuzun göstərdiyi qəhrəmanlıqlara diqqət çəkiblər. 

Görüş ahıllarla stolüstü oyunlar oynamaqla davam edib.