Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev Novruz bayramı ərəfəsində şəhid gizir Şakir Cəmillinin ailəsini ziyarət edib. Şəhidimizin yadigarı olan övladları Cəmil və Emil ilə görüşüb.
Şakir Cəmilli Şuşa şəhəri uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Şəhidimizin xatirəsinin daim əziz tutulacağı, ailənin daim qayğı ilə əhatə olunacağı vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsi mənzillə təmin olunub. Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, ailə üzvlərinə sosial ödənişlər təyin edilib.