Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bərdə rayonunda şəhid baş gizir, tank komandiri Asəf Əsgərovun ailəsini ziyarət edib.
Vətən müharibəsi şəhidi Asəf İlqar oğlu Əsgərov 29 sentyabr 2020-ci il tarixində Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.
Şəhidimizin iki övladı yadigar qalıb.
Asəf Əsgərovun ailəsinə sosial ödənişlər təyin edilib və ailə ilə bağlı digər sosial dəstək tədbirləri həyata keçirilib.
Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən, şərəfli döyüş yolundan danışılıb. Mərd Vətən övladının xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı vurğulanıb.