Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında Şirvan şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinin benefisiarları üçün ekskursiya təşkil edilib.
Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Tarix-Diyarşünaslıq Muzeyində keçirilən ekskursiyada günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan 20-yə yaxın uşaq iştirak edib.
Tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni və tarixi irsimizlə yaxından tanış olmalarını təmin etmək, onların bilik və dünyagörüşünü zənginləşdirmək, həmçinin sosial reabilitasiyalarına dəstək olmaqdır.
Ekskursiya zamanı azyaşlılar Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətləri, onun siyasi fəaliyyəti və bütün sahələrin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat alıblar.