18.03.2025

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib. 

Tədbirdə Agentliyin tabeliyində olan Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri də iştirak edib. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müəssisə sakinlərini bayram münasibətilə təbrik edib. 

Sədr qeyd edib ki, həssas əhali qruplarından olan vətəndaşlarımız daim dövlətin xüsusi qayğısı ilə əhatə olunur. Onların sosial təminatı, sosial xidmətlərlə əhatə olunması istiqamətində mühüm addımlar atılır. 

Agentliyin müəssisələrində yaşayan və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə bu kimi tədbirlərin əhəmiyyətinin böyük olduğu vurğulanıb. 

Tədbir 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin tərəfindən hazırlanan səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiya ilə davam edib.